İraq bir ildən çox müddət ərzində öz ərazisində İsrailin iki gizli hərbi bazasının yaradılmasına gizli şəkildə imkan verib.
Bu barədə The New York Times qəzeti iraqlı və regional rəsmilərə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, İsrail hərbçiləri bazalardan birinin yaradılması üzrə hazırlığa 2024-cü ilin sonunda başlayıblar. Qəzet yazır ki, ABŞ İraq ərazisində üçüncü dövlətin hərbçilərinin yerləşdiyini Bağdaddan gizlətmiş ola bilər.
Məqalədə qeyd olunur ki, bu məlumatların üzə çıxması ABŞ-ın Yaxın Şərqdəki bu ölkədə təsir imkanlarını risk altına sala bilər.
NYT həmçinin yazır ki, İraq hərbçiləri həmin bazanı məsafədən müşahidə ediblər. Daha sonra onlar Amerika tərəfdən obyekt barədə əlavə məlumat istəyiblər, lakin cavab ala bilməyiblər.
İraq ordusunun başqa bir bölməsi isə bazaya yaxınlaşmağa cəhd edib. Lakin bölmə atəşə tutulub və geri çəkilməyə məcbur olub.
Daha sonra adı açıqlanmayan bir rəsmi ikinci bazanın da mövcudluğunu təsdiqləyib. Məlumata görə, obyekt İraqın qərbindəki səhrada yerləşir, lakin onun dəqiq yeri məlum deyil.

