Yemək zamanı video izləmək həddindən artıq qidalanmaya səbəb ola bilər.
Bunu NEWS.ru-ya Moskva vilayətinin Ximki xəstəxanasının terapevti Olqa Çirkova bildirib.
Həkimin sözlərinə görə, yemək yeyərkən video izləmək, sosial şəbəkələrdə gəzmək və ya xəbərləri oxumaq beynin diqqətini yayındırır. Nəticədə insan diqqətini boşqaba deyil, ekrana yönəldir və toxluq siqnalları beyinə gec çatır.
Müasir həyat tempi bizi çox vaxt xoş olanı faydalı ilə birləşdirməyə sövq edir: sevimli seriala baxaraq nahar etmək, yemək zamanı sosial şəbəkələri izləmək və ya səhər yeməyində videolara baxmaq. Lakin ilk baxışda zərərsiz görünən bu vərdiş fərqinə varmadan həddindən artıq yeməyə və artıq çəkiyə səbəb ola bilər,
— deyə Çirkova bildirib.
Terapevt qeyd edib ki, yemək zamanı beyin mədədən gələn toxluq siqnallarını qəbul etməlidir və bu proses diqqət tələb edir. Ekrana baxmaq isə həmin prosesi pozur. İnsan yeməyin dadını daha zəif hiss edir, ondan tam zövq almır və nəticədə lazım olduğundan çox yeyir.
Olqa Çirkova əlavə edib ki, video izləyərkən insan həm vaxtın, həm də yediyi qidanın miqdarının fərqinə varmır. Onun sözlərinə görə, belə hallarda xüsusilə fastfud, şirniyyat və çips kimi qidalar daha təhlükəlidir.
Həkim yemək üçün ayrıca vaxt ayırmağı və bu zamanı qadcetlərdən uzaq durmağı tövsiyə edib. O bildirib ki, yeməyi yavaş yemək, yaxşı çeynəmək və boşqabda nə olduğuna diqqət etmək porsiyalara nəzarəti asanlaşdırır.

