Restoranlara tez-tez getmək, iştahaçan yemək fotolarına baxmaq və resept videolarını izləmək artıq çəki riskini artıra bilər. Bu barədə NEWS.ru-ya Dövlət Maarif Universitetinin tibb fakültəsinin cərrahiyyə kafedrasının baş müəllimi Aleksandr Umnov bildirib.
Onun sözlərinə görə, restoran və kafelərin menyularında çox vaxt souslu makaronlar, qızardılmış yeməklər, brusketta, pizza və şirin desertlər üstünlük təşkil edir. Mütəxəssis hesab edir ki, bu tip yeməklərin mütəmadi seçilməsi insanı daha yüksək kalorili qidalanmaya alışdıra bilər.
Umnov diqqəti başqa bir məqama da çəkib. Onun fikrincə, yemək fotolarına, reseptlərə və xüsusilə karamelli vafli, desert və digər yüksək kalorili yeməklərin hazırlanma videolarına tez-tez baxmaq insanı həmin yeməkləri hazırlamağa və ya onlayn sifariş verməyə həvəsləndirə bilər.
Ekspert həmçinin çox miqdarda südlü qəhvə və şəkərli çay içməməyi tövsiyə edib. Belə içkilərin əlavə kalori mənbəyinə çevrilə biləcəyini bildirib.

“Yemək haqqında fikirlər tez-tez yarananda insan real ehtiyacından daha çox və daha tez-tez yeyə bilər”, – Umnov qeyd edib.
Mütəxəssis bu vərdişin qarşısını almaq üçün diqqəti başqa fəaliyyətlərə yönəltməyin faydalı ola biləcəyini deyib. Məsələn, toxuculuq, bağçılıq və otaq bitkiləri ilə məşğul olmaq yemək haqqında davamlı düşüncələri azaltmağa kömək edə bilər.
O, həmçinin qeyri-müntəzəm qidalanmanın da çəki artımına şərait yarada biləcəyini vurğulayıb. Xüsusilə ağır iş günündən sonra yorğunluq səbəbindən evdə balanslı yemək hazırlamaq əvəzinə fastfud sifariş etmək bu riski artıra bilər.

