İsti yemək insanı sakitləşdirir və narahatlığı azalda bilər, çünki şüuraltında qayğı və təhlükəsizlik hissi ilə assosiasiya olunur. Bu barədə NEWS.ru-ya psixoloq və nutritsioloq Anna Slip bildirib.
Onun sözlərinə görə, insan psixikası dadın qəbuluna təsir edir. Uşaqlıqdan tanış olan yeməklər insana daha çox müsbət emosiyalar verir. Əgər insan müəyyən yeməkləri isti halda yeməyə öyrəşibsə, məhz bu formada təqdimat həmin yeməyi daha dadlı və xoş edir.
“Soyuq yemək isə gözləntini pozur. Biz istiliyi şüuraltı olaraq qayğı və təhlükəsizliklə əlaqələndiririk. Buna görə isti yemək təkcə daha dadlı görünmür, həm də sakitləşdirici təsir bağışlayır. Stress zamanı insanın isti yeməyə və ya isti içkiyə meyil etməsi təsadüfi deyil”, — deyə Slip izah edib.
Mütəxəssis bildirib ki, yemək yalnız dil vasitəsilə qəbul edilmir. İsti yeməkdə aromat molekulları buxarlanaraq havaya qalxır və dadın daha güclü hiss olunmasına səbəb olur. Soyuq yeməkdə isə bu molekullar aktiv şəkildə yayılmadığı üçün yemək daha solğun və dadsız görünür.
Slipin sözlərinə görə, dildəki dad reseptorları bədən temperaturuna yaxın istilikdə daha yaxşı işləyir. İsti yeməkdə yağ daha yumşaq olur və dili daha yaxşı örtür. Soyumuş yağ isə dadı sanki içəridə saxlayır və onu zəiflədir.
“Buna görə isti pizza ətirli və iştahaaçan olur, soyuq pizza isə çox vaxt dadsız rezin parçasını xatırladır”, — deyə mütəxəssis qeyd edib.

