Böyük Britaniya kralı III Çarlz Şahzadə Harri və Meqan Markl İngiltərəyə qayıtdıqdan sonra onlara maliyyə dəstəyi göstərmək niyyətində deyil.
GB News-un məlumatına görə, artıq kral ailəsinin işləyən üzvləri sayılmayan cütlük xərclərini brendlərlə əməkdaşlıq, ictimai çıxışlar və Meqan Marklın biznes fəaliyyəti hesabına qarşılamalı olacaq.
Harri və Meqanın uşaqları ilə birlikdə Kotsvolds bölgəsində məskunlaşacağı gözlənilir.
“Bramwell Prime Property Search” şirkətinin eksperti Conatan Bramvellin hesablamasına görə, altı-yeddi yataq otağı, işçi heyəti üçün ayrıca sahələr və torpaq sahəsi olan evin qiyməti ən azı 10 milyon funt sterlinq təşkil edə bilər.
Ölkənin cənub hissəsində uyğun daşınmaz əmlakın qiymətinin isə 7,5 milyon funt sterlinqdən çox ola biləcəyi bildirilir.
Bununla yanaşı, cütlük Kaliforniyanın Montecito bölgəsində yerləşən malikanələrinin saxlanılması üçün də ödəniş etməyə davam etməlidir.
Məlumata görə, ABŞ-dakı evin illik saxlanma xərcləri 443 min funt sterlinqə çata bilər. Bu məbləğin təxminən 32 min funtu ipoteka ödənişlərinin, 110 min funtu isə vergilərin payına düşür.

