Dubay–Təl-Əviv reysini həyata keçirən “Flydubai” aviaşirkətinə məxsus təyyarədə ikinci pilotun kapitana hücumu terror aktına cəhd kimi qiymətləndirilib.
WAM dövlət agentliyinin məlumatına görə, bunu Birləşmiş Ərəb Əmirliklərinin Baş prokuroru Həməd Seyf əş-Şəmsi açıqlayıb.
Hadisə ilə əlaqədar təyyarə Səudiyyə Ərəbistanının Təbuk şəhərindəki hava limanına təcili eniş edib.
Araşdırma zamanı müəyyən edilib ki, ikinci pilot terror aktı törətmək niyyətində olub. O, fövqəladə hallar üçün pilot kabinəsində saxlanılan xüsusi aviasiya baltası ilə kapitana zərbə endirib, daha sonra isə təyyarənin idarəetməsini ələ keçirməyə çalışıb.
Baş prokuror istintaqın hələ yekunlaşmadığını bildirib.

