Dubaydan Təl-Əvivə uçan Flydubai aviaşirkətinə məxsus sərnişin təyyarəsində baş verən insident nəticəsində xəsarət alan hər iki pilot hələ də Səudiyyə Ərəbistanının Təbuk şəhərindəki xəstəxanadadır.
Bu barədə Al-Arabiya telekanalı məlumat yayıb.
«Flydubai təyyarəsinin kapitanı və ikinci pilotu hələ də Təbuk xəstəxanasındadır. Onlara tibbi yardım göstərilir», – deyə məlumatda bildirilib.
Xatırladaq ki, sentyabrın 30-da Dubaydan Təl-Əvivə uçan təyyarə əvvəlcə fövqəladə vəziyyət barədə siqnal, daha sonra isə hava gəmisinin qaçırılmasını bildirən xüsusi kod göndərib.
İlkin məlumatlara görə, ikinci pilot təyyarə komandirinə bıçaqla hücum edib, ardınca isə hava gəmisini qəzaya uğratmağa cəhd göstərib.
Hücum nəticəsində xəsarət alan kapitanın Hindistan vətəndaşı olduğu müəyyən edilib.
Sərnişinlərin və ekipaj üzvlərinin müdaxiləsi nəticəsində hücum edən şəxs zərərsizləşdirilib. Təyyarə Səudiyyə Ərəbistanının Təbuk şəhərində təcili eniş edib.
Həmin gün axşam saatlarında hadisə yerinə göndərilən başqa bir təyyarə sərnişinləri Təl-Əvivə çatdırıb.
Hadisənin səbəbləri və ikinci pilotun hərəkətlərinin motivləri ilə bağlı araşdırma davam edir.

