ABŞ Prezidenti Donald Tramp ölkədə qış vaxtına keçidin ləğv edilməsini təklif edib.
Tramp bu barədə Ağ Evin mətbuat heyətinin jurnalistlərinə açıqlamasında danışıb. O bildirib ki, saatların mövsümi dəyişdirilməsi insanların gündəlik həyatını pozur və narahatlıq yaradır.
“İnsanlar daha çox gün işığı istəyirlər. Onlar saatlarını irəli-geri çəkmək istəmirlər. Altı ay əvvəl mən də eyni şeyi etmişdim. Saatları dəyişdirməyi sevmirəm. Hamı gecikir, bu, hər kəsin həyatını alt-üst edir”, – deyə Tramp bildirib.
Məlumata görə, ABŞ Nümayəndələr Palatası standart vaxtdan imtina edilərək yay vaxtının daimi saxlanılması təşəbbüsünü dəstəkləyib. Lakin müvafiq qanun layihəsi Senatda irəliləməyib.
Tramp prosesin ləngiməsində respublikaçı senator Tom Kottonu günahlandırıb.
ABŞ lideri qeyd edib ki, saatların dəyişdirilməsi əlavə maliyyə xərclərinə və müxtəlif problemlərə səbəb olur. Onun fikrincə, gün işığının azalması cinayətkarlıqla bağlı vəziyyətə də təsir göstərir.
Tramp insanların görüşlərə və şam yeməklərinə gecikməsinə səbəb olduğunu düşündüyü bu süni maneənin aradan qaldırılmasına çağırıb.

