Türkiyədə noyabrın 1-dən uşaqların sosial şəbəkələrdən istifadəsinə yeni məhdudiyyətlər tətbiq olunacaq.
Yeni qaydalara əsasən, sosial şəbəkələr 15 yaşdan kiçik uşaqlara xidmət göstərə bilməyəcək.
15-18 yaşlı istifadəçilər üçün isə xüsusi qorunan rejim tətbiq ediləcək. Bu yaş qrupuna aid hesablar avtomatik olaraq qapalı olacaq və əlavə təhlükəsizlik tədbirləri ilə qorunacaq.
Yeniyetmələrin canlı yayım açmasına icazə verilməyəcək, onlara fərdiləşdirilmiş reklamların göstərilməsi məhdudlaşdırılacaq. Bundan başqa, sosial şəbəkələr yetkinlik yaşına çatmayan istifadəçilərin profillərini digər şəxslərə tövsiyə edə bilməyəcək.
Platformalara uşaqlara məxsus hesabları telefon kontaktları, elektron poçt ünvan kitabçaları və digər tətbiqlərdəki dost siyahıları ilə sinxronlaşdırmaq da qadağan ediləcək.
Yeni qaydalar Türkiyə Prezidenti Administrasiyasının Kibertəhlükəsizlik İdarəsi tərəfindən hazırlanan normativ sənəddə əksini tapıb və 1 noyabr 2026-cı ildən qüvvəyə minəcək.

