Azərbaycanda rəqəmsal platformalarda istifadəçilərin qeydiyyatı ilə bağlı yeni qaydalar müəyyən edilir.
Bu, Milli Məclisin bugünkü iclasında müzakirə olunan və birinci oxunuşda qəbul edilən “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, rəqəmsal platformalarda şəxsi hesabların yaradılması 16 yaşdan kiçik şəxslər üçün qadağan ediləcək. Bu qaydanın tətbiq ediləcəyi platformaların siyahısı səlahiyyətli dövlət orqanı tərəfindən müəyyən olunacaq.
Yeni qaydalara görə, provayderlər qeydiyyat zamanı istifadəçinin yaşını yoxlamaq üçün xüsusi sistem tətbiq etməli olacaqlar. Bu sistemə istifadəçinin yaşını bəyan etməsi, məlumatların bank kartı, elektron poçt və telefon nömrəsi vasitəsilə təsdiqlənməsi daxil ediləcək.
Zərurət yarandıqda 16-18 yaşlı istifadəçilər üçün qanuni nümayəndənin razılığının təsdiqlənməsi də tələb olunacaq.
Yaşla bağlı şübhə yarandığı hallarda isə təkrar yoxlama aparılacaq. Qayda pozuntusu aşkar edilərsə, həmin hesaba giriş dərhal məhdudlaşdırılacaq.
Layihədə 16-18 yaşlı istifadəçilərlə bağlı əlavə nəzarət mexanizmləri də nəzərdə tutulur. Belə ki, bu yaş qrupuna aid şəxslərin kontentə, reklamlara və platformadan istifadə müddətinə çıxışı qanuni nümayəndələr tərəfindən xüsusi funksiyalar vasitəsilə idarə ediləcək.
Provayderlər yaşın yoxlanılması üçün toplanan şəxsi məlumatları prosedur başa çatdıqdan dərhal sonra silməli olacaqlar. Həmin məlumatlardan reklam və ya başqa məqsədlər üçün istifadə edilməsinə icazə verilməyəcək.
Bundan başqa, rəqəmsal platformalar azyaşlıların həyatına, sağlamlığına və hüquqlarına təhlükə yaradan zərərli kontentə qarşı operativ reaksiya mexanizmləri tətbiq etməlidirlər.
Belə hallarda reaksiya müddəti 24 saatdan çox olmamalıdır.

