Polşada Baş nazir Donald Tuska qarşı sui-qəsd hədəsi səsləndirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Tusk bu barədə “X” sosial şəbəkəsində məlumat verərək polis əməkdaşlarına operativ müdaxiləyə görə təşəkkür edib.
“Sui-qəsdlə hədələyən şəxs saxlanılıb. Sürətli və qətiyyətli fəaliyyətinə görə polis əməkdaşlarına təşəkkür edirəm”, – Polşanın Baş naziri bildirib.
Polşa mediasının məlumatına görə, saxlanılan şəxsə cinayət xarakterli hədələr irəli sürmək ittihamı verilib.
Dindirmə zamanı onun davranışının səbəbini məntiqli şəkildə izah edə bilmədiyi bildirilir.
Məlumata əsasən, saxlanılan şəxs 52 yaşlı Olava sakinidir. Onu üç ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.
Polşa hüquq-mühafizə orqanları təhlükənin ciddi qiymətləndirildiyini və məsələ ilə bağlı araşdırmanın davam etdiyini bildiriblər.

