ABŞ-ın Oreqon ştatında iki turist qadını qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə New York Post məlumat yayıb.
Məlumata görə, hadisə 2024-cü il iyulun 4-də Oreqonda turist marşrutu üzərində baş verib. Gecə saatlarında naməlum şəxs qadınların qaldığı çadırı kəsərək içəri daxil olub, onları bağlayıb və özü ilə aparıb. Hadisənin necə başa çatdığı və qadınların necə xilas olduğu açıqlanmayıb.
FTB araşdırma zamanı hücumun Salem şəhərindən olan 58 yaşlı Cin Arnold Maklenitan tərəfindən törədildiyini müəyyən edib. Bildirilir ki, o, daha əvvəl də qadına hücumla bağlı məsuliyyətə cəlb olunub.
Maklenitan saxlanılıb və ona qarşı adam oğurluğu və cinsi xarakterli zorakı hərəkətə cəhd ittihamları irəli sürülüb. Məhkəmə onun girov hüququ olmadan həbsdə saxlanılmasına qərar verib.
Adam oğurluğu ittihamı üzrə onu ömürlük həbs, cinsi zorakılığa cəhd ittihamı üzrə isə 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər. İstintaq onun başqa zərərçəkənlərinin də ola biləcəyini istisna etmir.

