Niderland hüquq-mühafizə orqanları vəliəhd şahzadə Amaliya və bacısı şahzadə Aleksiyaya qarşı sui-qəsd hazırlamaqda şübhəli bilinən şəxsi saxlayıb. Bu barədə Algemeen Dagblad qəzeti prokurorluğa istinadən məlumat yayıb.
Məlumata görə, saxlanılan şəxs 33 yaşlı Haaqa sakinidir. İstintaqın versiyasına əsasən, hücumun hazırlanmasına 2026-cı ilin fevralından başlanıla bilərdi.
Axtarış zamanı hüquq-mühafizə orqanları üzərində şahzadələrin adları və faşist şüarları həkk olunmuş iki balta aşkar edib. Həmçinin qeyd olunur ki, tapılan qeydlərdə monarxın qızları və “qanlı qırğın” törətmək niyyəti barədə yazılar yer alıb.
İlk məhkəmə iclasının 4 may tarixində keçiriləcəyi bildirilir.
Qeyd edək ki, şahzadə Amaliya daha əvvəl də təhdidlər alıb. 2022-ci ildə təhlükəsizlik səbəbindən onun tələbə yataqxanasında yaşaması mümkün olmayıb və mühafizə gücləndirilib.

