Tailandda Rusiya vətəndaşı külli miqdarda qadağan olunmuş maddələrin daşınmasında şübhəli bilinərək saxlanılıb.
Bu barədə SHOT Telegram kanalı məlumat yayıb.
Məlumata görə, saxlanılan şəxs Sankt-Peterburq şəhərindən olan 29 yaşlı kişidir. O, Pattayadan Pxuketə gedən avtobusda olarkən polis tərəfindən saxlanılıb.
Polis əməkdaşlarını görən zaman onun nəzərəçarpacaq dərəcədə həyəcanlandığı bildirilir. Bundan sonra aparılan yoxlama zamanı çantasından heroin, metamfetamin və ekstazi də daxil olmaqla narkotik maddələr aşkarlanıb.
Məlumata əsasən, həmin şəxs 2022-ci ilin payızından Tailandda yaşayırdı və vaxtaşırı ölkəni tərk edirdi. Onun bunu qalma müddətini uzatmaq üçün etdiyi ehtimal olunur.
Bildirilir ki, kişi Rusiyada daha əvvəl kannabis yağı satışı ilə bağlı 6 il 10 ay müddətinə azadlıqdan məhrum edilmiş və beynəlxalq axtarışa verilmişdi.
Hazırda saxlanılan şəxs Tailandda həbsdədir. Yerli qanunvericiliyə əsasən, aşkar edilən narkotiklərin həcmi və xarakterinə görə onu ölüm cəzası gözləyə bilər.

