Türkiyənin 48 vilayətində güclü leysan yağışları və fırtına ilə əlaqədar meteoroloji xəbərdarlıq elan edilib.
Bu barədə Türkiyənin Meteorologiya Baş İdarəsi məlumat yayıb.
Bildirilib ki, 42 vilayətdə sarı, 6 vilayətdə isə narıncı kodlu xəbərdarlıq qüvvəyə minib. Ölkənin müxtəlif bölgələrində güclü yağış və sürəti saatda 80 kilometrə çata bilən külək gözlənilir.
Əlverişsiz hava şəraiti xüsusilə Mərmərə, Egey və Qara dəniz bölgələrində, eləcə də Şərqi Anadoluda müşahidə oluna bilər.
Güclü yağışlar səbəbindən nəqliyyatın hərəkətində çətinliklər, subasma, qəfil sel və torpaq sürüşməsi təhlükəsi barədə xəbərdarlıq edilib.
Yerli hakimiyyət orqanlarına və sakinlərə mümkün fəsadların qarşısını almaq üçün zəruri təhlükəsizlik tədbirləri görmək tövsiyə olunub.
İstanbulda da güclü yağışlar səbəbindən xüsusi tədbirlər həyata keçirilib.
İstanbul Valiliyinin qərarına əsasən, oktyabrın 15-də şəhərdəki dövlət və özəl təhsil müəssisələrində əyani dərslər bir günlük dayandırılıb.
Bundan əlavə, dövlət qurumlarında çalışan hamilə qadınlara, əlilliyi olan şəxslərə, qazilərə və səkkiz yaşından kiçik uşağı olan qadın əməkdaşlara müəyyən istisnalarla inzibati məzuniyyət verilib.
Oktyabrın 14-ü saat 21:00-dan etibarən motosikletlərin və digər ikitəkərli nəqliyyat vasitələrinin hərəkətinə də növbəti göstərişədək qadağa qoyulub.
Meteorologiya qurumu sakinləri hava proqnozlarını izləməyə və güclü yağışla fırtınanın yarada biləcəyi təhlükələrə qarşı diqqətli olmağa çağırıb.

