İyunun 27-28-də Bakı və Abşeron yarımadasında, eləcə də Azərbaycanın bəzi bölgələrində güclü külək əsəcək.
Bununla əlaqədar ölkə ərazisində sarı və narıncı hava təhlükəsi səviyyələri elan olunub.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakı və Abşeron yarımadası, həmçinin Mingəçevir, Gəncə, Ağstafa, Qazax, Naftalan, Goranboy, Daşkəsən, Neftçala, Salyan, Şirvan, Şabran, Xızı və Qobustanda şimal-qərb küləyi üstünlük təşkil edəcək. Bu ərazilərdə küləyin sürətinin 20,8–28,4 metr/saniyəyədək güclənəcəyi gözlənilir ki, bu da narıncı hava təhlükəsi səviyyəsinə uyğundur.
Ölkənin digər bölgələrində də şimal-qərb küləyinin əsəcəyi proqnozlaşdırılır. Həmin ərazilərdə küləyin sürəti 13,9–20,7 metr/saniyə təşkil edəcək. Bu isə sarı hava təhlükəsi səviyyəsi deməkdir.
Milli Hidrometeorologiya Xidməti vətəndaşlara güclü küləkli hava şəraiti ilə əlaqədar ehtiyatlı olmağı tövsiyə edir.

