ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişənin həllinin mümkün olduğunu, lakin bunun Volodimir Zelenskinin iştirakı olmadan baş verəcəyini bildirib.
Bu barədə ABŞ lideri Newsmax telekanalına müsahibəsində danışıb.
“Düşünürəm ki, onlar sonda bu və ya digər formada həll yolu tapacaqlar. Amma bu, onsuz olacaq, çünki o, münaqişənin həllini istəmir”, – deyə Tramp bildirib.
Jurnalistin Zelenskidən Rusiyanın neft emalı zavodlarına zərbələr endirməməyi xahiş etməsinə baxmayaraq, bunun nəticəsiz qalması ilə bağlı sözlərini şərh edən Tramp Ukrayna Prezidenti ilə işləməyin çətin olduğunu vurğulayıb.
“O, yalnız sülh yolu ilə həll tapmaq istədiyini deyir, amma əslində bunlar sadəcə sözlərdir. Özümü Zelenskinin böyük tərəfdarı adlandıra bilmərəm”, – deyə ABŞ Prezidenti əlavə edib.
Trampın fikrincə, Zelenskinin rəhbərliyi dövründə ukraynalılar “öz ölkələrini dağıdıblar”.
ABŞ lideri müsahibəsində Krım yarımadası ilə bağlı da fikirlər səsləndirib.
“Krım Ukraynanın sahib olduğu ən qiymətli ərazi idi, özü də böyük fərqlə”, – deyə Tramp bildirib.
O, fikrini izah edərkən Krımın “dörd tərəfdən okeanla əhatə olunduğunu” söyləyib.
“Mən daşınmaz əmlak sahəsində çalışmışam. Ona görə də yaxşı ərazini görəndə bunu anlayıram”, – deyə ABŞ Prezidenti qeyd edib.

