Rusiyanın tanınmış jurnalisti və televiziya aparıcısı Mixail Ponomaryov 57 yaşında vəfat edib.
Bu barədə Milli Teleradio Yayımçıları Assosiasiyası özünün “Telegram” kanalında məlumat yayıb.
“1991–1999-cu illərdə RTR telekanalında yayımlanan “Vesti”, 1999–2001-ci illərdə isə TV-6 kanalının “Novosti” proqramının aparıcısı olmuş Mixail Ponomaryov vəfat edib. Ailəsinə və yaxınlarına başsağlığı veririk”, – deyə məlumatda bildirilib.
1969-cu il iyulun 18-də anadan olan Ponomaryov “Vesti” proqramının ilk buraxılışındakı ilk reportajın müəllifi olub.

O, jurnalist fəaliyyəti dövründə mühüm siyasi və ictimai hadisələri işıqlandırıb. 1993-cü ildə Moskvada baş verən küçə iğtişaşlarından, daha sonra isə Qarabağdan reportajlar hazırlayıb.
1999-cu ildə jurnalist “Vesti” proqramının efirindən uzaqlaşdırılıb. Ponomaryov qərara etiraz edərək o zamankı Rusiya Prezidenti Boris Yeltsinə açıq məktub ünvanlayıb və Ümumrusiya Dövlət Televiziya və Radio Yayım Şirkətinin rəhbərliyinin istefasını tələb edib.
“Bilirsiniz, məni hansı əsasla efirdən uzaqlaşdırdılar? Pis xasiyyətimə görə! Ona görə ki, daim mübahisələrə qoşulurdum. Guya kollektiv daxilində belə mübahisələr heç kimə lazım deyilmiş, onsuz da xarici problemlər kifayət qədər imiş! Bu nə deməkdir? İndi insanları pis vərdişlərinə görə də işdən uzaqlaşdıracaqlar?” – deyə teleaparıcı narazılığını bildirib.
Elə həmin il TV-6 telekanalına keçən jurnalist 2001-ci ilədək “Novosti” proqramında çalışıb.

