Salsa janrının banilərindən biri, puerto-rikalı bəstəkar və musiqiçi Villi Kolon 75 yaşında vəfat edib. Bu barədə fevralın 21-də NBC News onun ailəsinə istinadən məlumat yayıb.
Ailəsinin Facebook səhifəsində yayılan açıqlamada deyilir:
“Sevimli həyat yoldaşımızın, atamızın və tanınmış musiqiçi Villi Kolonun vəfatını dərin kədər hissi ilə bildiririk. O, bu səhər ailəsinin əhatəsində sakit şəkildə dünyasını dəyişdi.”
Ölüm səbəbi açıqlanmayıb.
Villi Kolon 28 aprel 1950-ci ildə Nyu-Yorkda anadan olub. O, 12 yaşında truba çalmağa başlayıb, daha sonra trombona keçib və 15 yaşında artıq Fania Records leyblində yazılışlar edib. Karyerası ərzində prodüser və aranjimançı kimi də fəaliyyət göstərərək Latın Amerikası musiqisinə mühüm töhfələr verib.
Musiqi ilə yanaşı, Kolon Nyu-Yorkun ictimai-siyasi həyatında da aktiv olub. O, 1989–1993-cü illərdə şəhərin meri Devid Dinkinsin köməkçisi və mətbuat katibi kimi çalışıb.

