İtaliya hakimiyyəti şəhərdə baş verən kütləvi iğtişaşlardan sonra təhlükəsizliyi gücləndirmək məqsədilə Milana əlavə 500 hərbçi göndərməyi planlaşdırır.
Bu barədə İtaliyanın Baş nazirinin müavini Matteo Salvini “X” sosial şəbəkəsində məlumat verib.
“Sözdən əmələ keçirik: Milanın təhlükəsizliyini təmin etmək üçün əlavə 500 hərbçi”, – deyə Salvini bildirib.
Onun sözlərinə görə, hərbçilərin şəhərə göndərilməsi hökumətin hazırladığı xüsusi təhlükəsizlik tədbirləri paketinə daxildir.
Qeyd edək ki, İtaliyanın bir sıra şəhərlərində etiraz aksiyaları baş verib. Ən gərgin vəziyyət isə Milanda müşahidə olunub. Burada nümayişlər iğtişaşlarla müşayiət edilib, mağazalar talan olunub və ictimai əmlaka ziyan vurulub.
İğtişaşların qarşısının alınması zamanı hüquq-mühafizə orqanları yüzlərlə şəxsi saxlayıb.
İtaliyanın ANSA agentliyinin məlumatına görə, oktyabrın 19-na olan məlumata əsasən, Milanda 271 nəfər polis idarəsinə aparılıb, onlardan 32-si həbs edilib.
Həmçinin bazar günü baş verən qarşıdurmalarda 14 hüquq-mühafizə orqanı əməkdaşının xəsarət aldığı bildirilib.
Ölkə hökuməti ictimai asayişin bərpası və yeni zorakılıq hallarının qarşısının alınması üçün təhlükəsizlik tədbirlərini gücləndirməyi nəzərdə tutur.

