İtaliyanın Baş naziri Corca Meloni Modenada baş verən hadisədən sonra yerli hakimiyyət orqanları ilə əlaqə saxladığını bildirib. O, sosial şəbəkə hesabında vəziyyətin daimi nəzarətdə olduğunu və prosesin operativ qaydada izlənildiyini qeyd edib.
Meloni baş verənləri son dərəcə ciddi insident adlandırıb, zərərçəkənlərə və onların ailələrinə dəstəyini ifadə edib. Baş nazir həmçinin şübhəlinin saxlanılmasına müdaxilə edən vətəndaşlara təşəkkür edib, polisin işini yüksək qiymətləndirib.
İtaliyanın Modena şəhərində avtomobilin piyadaların üzərinə sürülməsi nəticəsində azı yeddi nəfər xəsarət alıb. Bildirilir ki, hadisəni törədən sürücü əvvəlcə polisdən qaçıb, lakin daha sonra saxlanılıb.
Sonradan məlum olub ki, yüksək sürətlə insanların üzərinə sürülən avtomobilin sükanı arxasında Mərakeş əsilli italyan olub. İtaliyanın vitse-premyeri Matteo Salvininin sözlərinə görə, kişi 1995-ci il təvəllüdlüdür və iqtisadçı diplomuna malikdir.

