ABŞ Prezidenti Donald Tramp İtaliyanın Baş naziri Corca Meloniyə qarşı yenidən sərt açıqlamalar verib.
Trampın sözlərinə görə, Meloni Fransada keçirilən G7 sammiti zamanı onunla dəfələrlə şəkil çəkdirmək istəyib.
“İtaliyanın baş naziri Corca Meloni Fransada G7 görüşü zamanı mənimlə şəkil çəkdirmək üçün dəfələrlə xahiş etdi”, - deyə Tramp yazıb.
ABŞ prezidenti bildirib ki, Meloninin İtaliyadakı populyarlığı azalır. O, bunun səbəblərindən biri kimi Meloninin İranın nüvə silahı əldə etməsinin və ya hazırlamasının qarşısının alınması məsələsində ABŞ-dan uzaqlaşmasını göstərib.
Tramp həmçinin iddia edib ki, Meloni ABŞ-a İtaliyanın uçuş-enmə zolaqlarından istifadə etməyə icazə verməyib. Onun sözlərinə görə, bu, Vaşinqton üçün ciddi logistik çətinliklər yaradıb.
“ABŞ hər il İtaliyanın və NATO üzrə digər ‘sözdə’ müttəfiqlərin müdafiəsinə yüz milyardlarla dollar ayırır. Buna baxmayaraq, o, bizə İtaliyanın uçuş-enmə zolaqlarından istifadə etməyə icazə vermədi”, - deyə Tramp bildirib.
ABŞ prezidenti əlavə edib ki, Birləşmiş Ştatlar İran üzərində hərbi qələbə qazandıqdan sonra Meloni yenidən münasibətləri yaxşılaşdırmaq istəyir.
“İndi isə ABŞ İran üzərində hərbi qələbə qazandıqdan sonra o, reytinqlərini yaxşılaşdırmaq üçün yenidən dost olmaq istəyir. Xeyr, təşəkkürlər!” - deyə Tramp yazıb.
Qeyd edək ki, ötən gün Donald Tramp və Corca Meloni arasında ictimai mübahisə yaranıb. Tramp İtaliyanın La7 telekanalının jurnalisti ilə telefon danışığı zamanı Meloninin G7 sammitində onunla şəkil çəkdirmək üçün “yalvardığını” iddia edib.

