Keniyada tərəfdarlarını İsa Məsihə qovuşacaqları vədi ilə ac qalmağa təşviq edən dini təriqətin lideri Pol Makkenzi 190 uşaq və bir yetkin şəxsin ölümündə təqsirli bilinib.
Reuters agentliyinin məlumatına görə, Keniya məhkəməsi “Good News International Church” adlı dini təşkilatın rəhbəri Makkenzi və onunla birlikdə mühakimə olunan 28 nəfər barəsində müvafiq qərar qəbul edib.
Bildirilib ki, Makkenzi dünyanın sonunun yaxınlaşdığını iddia edərək tərəfdarlarını yeməkdən imtina etməyə çağırıb. O, aclıqdan öləcəkləri təqdirdə İsa Məsihə qovuşacaqlarını vəd edib.
Məhkəmə zamanı insanların ölümünün əvvəlcədən müəyyən edilmiş ardıcıllıqla planlaşdırıldığı üzə çıxıb.

Reuters-in məlumatına görə, plana əsasən, əvvəlcə uşaqlar, daha sonra qadınlar və gənc kişilər, sonda isə qalan kişilər aclıqdan ölməli idilər.
Dəhşətli hadisə 2023-cü ildə Keniyanın Şakahola meşəsində kütləvi məzarların aşkarlanmasından sonra dünya gündəminə gəlib.
Ərazidə aparılan axtarışlar zamanı 400-dən çox insanın meyiti tapılıb. Cəsədlərin əksəriyyəti ciddi şəkildə çürüdüyündən onların şəxsiyyətinin müəyyənləşdirilməsi çətinləşib. İndiyədək yalnız 26 nəfərin kimliyi müəyyən edilib.
Məhkəmədə bəzi uşaqların valideynlərinin gözü qarşısında yeməkdən məhrum edildiyi də məlum olub.
Makkenzi tərəfdarlarını zorla ac saxladığına dair ittihamları rədd etsə də, məhkəmə onun müdafiəsini qəbul etməyib.
Məhkəmənin hazırkı qərarı 191 nəfərin ölümünü əhatə edir. Digər ölüm halları ilə bağlı araşdırmalar davam etdirilir.
Pol Makkenzi və digər təqsirləndirilən şəxslərə veriləcək cəzanın noyabrın 6-da açıqlanacağı gözlənilir.

