Türkiyədə məhkəmə müxalif Cümhuriyyət Xalq Partiyasının CHP lideri Özgür Özəlin vəzifədən uzaqlaşdırılması barədə qərar çıxarıb.
Bu barədə Bloomberg məlumat yayıb.
Agentlik CHP sədrinin müavini Gül Çiftçiyə istinadən yazır ki, Ankara Apellyasiya Məhkəməsi partiyanın 2023-cü il qurultayının nəticələrini ləğv edib. Bu qərar faktiki olaraq Özgür Özəlin partiya sədri seçilməsini etibarsız sayır.
Türkiyə mediasının məlumatına görə, məhkəmə bununla keçmiş partiya sədri Kamal Kılıçdaroğlunun yenidən vəzifəyə qaytarılmasına yol açıb. AP və Reuters də qərarın Kılıçdaroğlunun bərpasını nəzərdə tutduğunu yazır.
Məlumata görə, CHP rəhbərliyi vəziyyəti müzakirə etmək üçün bütün deputatları təcili şəkildə partiyanın mərkəzi ofisinə çağırıb.
Qeyd edək ki, Cümhuriyyət Xalq Partiyası Türkiyənin ən qədim siyasi partiyasıdır. Partiya 1923-cü ildə Mustafa Kamal Atatürk tərəfindən yaradılıb və hazırda ölkə rəhbərliyinə müxalifətdədir.
2023-cü ildə keçirilən qurultaydan sonra CHP-də rəhbərlik dəyişmiş, Kamal Kılıçdaroğlunun yerinə partiya sədri Özgür Özəl seçilmişdi.
Məhkəmə qərarından sonra Türkiyənin maliyyə bazarlarında da gərginlik yaranıb. Reuters-in məlumatına görə, qərar Borsa İstanbulda ciddi enişə səbəb olub.

