Ermənistanın Lori vilayətinin Stepanavan şəhərində müxalif “Güclü Ermənistan” partiyasının tərəfdarları arasında kütləvi axtarış və saxlanılma tədbirləri keçirilir.
Bu barədə Ermənistan parlamentinin müxalifətçi deputatı Andranik Gevorqyan sosial şəbəkədə məlumat yayıb.
Onun sözlərinə görə, oktyabrın 21-i səhər saatlarından etibarən Samvel Karapetyanın rəhbərlik etdiyi siyasi qüvvənin tərəfdarlarına qarşı axtarış və saxlanılma tədbirləri aparılır.
“Səhər tezdən Stepanavanda ‘Güclü Ermənistan’ hərəkatının tərəfdarları arasında kütləvi axtarışlar və saxlanılmalar həyata keçirilir. Hakimiyyətin addımları son dərəcə gözləniləndir, lakin baş verənlər artıq ağlabatan hədləri aşır. Dünənki ‘demokratiya’ nümayişi və bugünkü açıq-aşkar qanun pozuntuları bunun bariz sübutudur”, – deyə deputat bildirib.
Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi Stepanavanda 14 nəfərin saxlanıldığını təsdiqləyib.
Qurumun məlumatına görə, axtarışlar və digər prosessual tədbirlər cinayət işi çərçivəsində həyata keçirilir. Lakin saxlanılan şəxslərin konkret hansı əməllərdə şübhəli bilindiyi açıqlanmayıb.
Bundan əlavə, “Güclü Ermənistan” partiyasının Stepanavan merliyinə namizədi Arsen Gevorqyanın da saxlanıldığı bildirilir.
Qeyd edək ki, oktyabrın 25-də Stepanavanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçiriləcək.
Saxlanılmalar seçkilərə dörd gün qalmış baş verib.

