Almaniya kansleri Fridrix Merts ən böyük narahatlığının ölkə iqtisadiyyatı, ABŞ və ya Çin deyil, Rusiyanın Avropa cəmiyyətlərinə təsiri olduğunu bildirib.
Bu barədə Reuters agentliyi məlumat yayıb.
Merts Rusiyanı Soyuq müharibədən sonra Avropada formalaşmış siyasi nizama ciddi zərbə vurmaqda ittiham edib.
Kansler xüsusilə Rusiyanın Avropaya qarşı həyata keçirdiyini iddia etdiyi hibrid hücumlardan narahatlığını ifadə edib.
“Hazırda mənim ən böyük narahatlığım nə iqtisadiyyatımız, nə ABŞ, nə də Çindir. Bu, Rusiyanın cəmiyyətimizə təsiridir”, – deyə Merts bildirib.
Almaniya kanslerinin sözlərinə görə, bu cür hücumlar hər gün baş verir, lakin avropalılar problemin ciddiliyini hələ də lazımi səviyyədə qiymətləndirmirlər.
Merts Rusiyanın Avropa cəmiyyətlərinə təsirini hazırkı dövrün əsas təhlükəsizlik problemlərindən biri kimi qiymətləndirib.

