Avropa Komissiyası SpaceX şirkətini Ukraynada Starlink peyk rabitəsi xidmətlərinin tam fəaliyyətini təcili bərpa etməyə çağırıb.
Bu barədə “Azadlıq Radiosu” məlumat yayıb.
Avropa Komissiyasının müdafiə və kosmos məsələləri üzrə sözçüsü Toma Renye Brüsseldə keçirdiyi brifinqdə Starlink xidmətlərinin Ukraynada zəifləməsi ilə bağlı məlumatlardan narahatlığını ifadə edib.
“Starlink-in Ukraynada xidmətlərini yavaşlatması ilə bağlı son məlumatlar dərin narahatlıq doğurur və şirkətin əvvəllər bu xidmətləri təqdim etmə qaydasına uyğun gəlmir. SpaceX Ukrayna üçün xidmətlərini təcili şəkildə tam bərpa etməlidir”, – deyə Renye bildirib.
Onun sözlərinə görə, Starlink Ukrayna hərbçiləri arasında rabitənin təmin edilməsi, mülki əhalinin qorunması və ölkənin müdafiəsində istifadə olunan pilotsuz uçuş aparatlarının idarə edilməsi üçün mühüm əhəmiyyət daşıyır.
Avropa Komissiyası peyk rabitəsinin fasiləsiz fəaliyyətinin Ukraynanın müdafiə imkanları və mülki təhlükəsizliyi baxımından vacibliyini vurğulayıb.

