BMT-nin Vyanada keçirilən elmi konfransında İran və Rusiya nümayəndələri Starlink peyk şəbəkəsinin beynəlxalq hüququ pozduğunu bəyan ediblər. Bu barədə Bloomberg məlumat yayıb.
İran tərəfi bildirib ki, SpaceX şirkətinə məxsus, Elon Muskun rəhbərlik etdiyi Starlink-in ölkə ərazisində “qanunsuz istismarı” İranın suverenliyini pozur. Tehranın mövqeyinə görə, “kommersiya peyk mega-şəbəkəsi” hökumətin icazəsi olmadan hərbi məqsədlər üçün istifadə edilir.
Rusiya nümayəndələri isə vurğulayıblar ki, Starlink 1967-ci il Kosmos Müqaviləsini poza bilər. ABŞ və 100-dən çox ölkə tərəfindən ratifikasiya olunmuş bu sənəd kosmosdan istifadə zamanı digər iştirakçıların maraqlarının nəzərə alınmasını tələb edir. Onların fikrincə, iri özəl peyk şəbəkəsi kosmosdan uzunmüddətli və dayanıqlı istifadə prinsiplərinə uyğun gəlmir.
Qeyd olunub ki, İran məsələni BMT-nin Cenevrədəki Beynəlxalq Telekommunikasiya İttifaqında (ITU) da qaldıraraq, milli hakimiyyət orqanlarının razılığı olmadan telekommunikasiya xidmətlərinin göstərilməsini qadağan edən qaydaların pozulduğunu bəyan edib.

