Ukrayna “Starlink” sistemi ilə təchiz edilmiş pilotsuz uçuş aparatlarından Rusiyanın dərinliklərindəki hədəflərə zərbə endirmək üçün istifadə etməyə çalışır, lakin ABŞ Prezidenti Donald Tramp bu ideyanı dəstəkləməyib.
Bu barədə Financial Times məlumat yayıb. Nəşrin yazdığına görə, Kiyev xüsusilə Rusiyanın ərazisində 200 kilometrədək məsafədə yerləşən ballistik raket buraxılış qurğularını vurmaq imkanını əldə etmək istəyir.
Planın həyata keçirilməsi üçün SpaceX-in sahibi İlon Maskın razılığı tələb olunur. FT qeyd edir ki, Maskın Ukraynaya və “Starlink”in hərbi məqsədlərlə istifadəsinə münasibəti müxtəlif dövrlərdə dəyişib.
Digər maneə isə Maskla birbaşa əlaqəsi olan Ukraynanın keçmiş müdafiə naziri Mixail Fedorovun iyul ayında vəzifədən getməsidir.
Nəşrin məlumatına görə, Volodimir Zelenski iyulda Donald Trampla görüşü zamanı ABŞ-dan daha çox hava hücumundan müdafiə raketi istəyib. Lakin bu raketlərin Yaxın Şərqdə, o cümlədən ABŞ-ın İranla müharibəsi zamanı istifadə edilməsi ehtiyatların azalmasını daha da dərinləşdirib.
Zelenskinin Trampı razı salmaq üçün zərbələrin dərinliyini 200 kilometrlə məhdudlaşdırmağı belə təklif etdiyi bildirilir.
Görüşdə iştirak edən mənbələrin sözlərinə görə, Tramp konkret cavab verməyib və “görünür, planı dəstəkləməyib”. Mənbələr həmçinin İlon Maskın da Kiyevə belə bir razılıq verməyəcəyini düşündüklərini bildiriblər.

