Ukrayna hərbçiləri Starlink peyk rabitə sisteminin fəaliyyətinə tətbiq edilən məhdudiyyətlər səbəbindən bəzi pilotsuz uçuş aparatları (PUA) əməliyyatlarını ləğv etməyə məcbur qalırlar.
Bu barədə Britaniyanın The Telegraph qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, ukraynalı dron operatorları yüksək sürətlə hərəkət edən pilotsuz uçuş aparatları ilə rabitədə ciddi fasilələr müşahidə ediblər.
Rabitə kəsintiləri 10–20 saniyə davam edir və Starlink vasitəsilə idarə olunan dronlara nəzarəti çətinləşdirir.
Bildirilir ki, belə şəraitdə pilotsuz uçuş aparatları Rusiya hərbçiləri qarşısında daha həssas vəziyyətə düşə bilər. Bu səbəbdən Ukrayna ordusu bəzi əməliyyatları təxirə salmağa və ya ləğv etməyə məcbur qalır.
Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Starlink sisteminin tam fəaliyyətinin bərpası üçün İlon Maska müraciət edib. O, ölkədə rabitə ilə bağlı ciddi problemlərin yarandığını bildirib.
Ukrayna Prezidentinin müşaviri Sergey Beskrestnov da SpaceX şirkətinin Starlink terminallarının fəaliyyətinə sürət məhdudiyyəti tətbiq etdiyini təsdiqləyib.
Onun sözlərinə görə, məhdudiyyətlər bir sıra hərbi əməliyyatların pozulmasına səbəb olub. Müşavir bu qərarın mövcud siyasi vəziyyətlə əlaqəli ola biləcəyini irəli sürüb.

