Böyük Britaniya şahzadəsi Harrinin həyat yoldaşı Meqan Marklın 82 yaşlı atası Tomas Markl ağır ittihamlarla gündəmə gəlib.
“The Sun” nəşrinin məlumatına görə, Tomas Marklın Filippində əvvəllər yaşadığı evdə uşaqların cinsi istismarına dair görüntülərin tapıldığı iddia olunur.
İddiaları polisə çatdıran şəxs Tomas Marklın oğlu, Meqanın ögey qardaşı Tomas Markl-kiçik olub.
Filippinin daxili işlər naziri Convik Remulla bildirib ki, polisə təqdim edilən materiallar arasında noutbuk da var. Hazırda cihaz və digər materiallarla bağlı araşdırma aparılır.
ABŞ Federal Təhqiqat Bürosu (FBI) da məsələyə münasibət bildirərək Filippin hakimiyyətinə dəstək verməyə hazır olduğunu açıqlayıb.

Meqan Markl atasına qarşı irəli sürülən iddialardan dərin sarsıntı keçirdiyini bildirib. O, illər əvvəl də oxşar ittihamlardan xəbərdar olduğunu və uşaqlarını qorumaq üçün atası ilə əlaqəni məhdudlaşdırdığını deyib.

London polisi isə 2019-cu ilin yanvarında Tomas Marklla bağlı ittihamların yer aldığı məktub aldığını təsdiqləyib. Qurum həmin məlumatların digər hüquq-mühafizə orqanları ilə paylaşılmadığını və məsələnin yenidən nəzərdən keçirildiyini bildirib.
Tomas Markl isə ittihamları qətiyyətlə rədd edərək onların həqiqətə uyğun olmadığını söyləyib.
Hazırda araşdırma davam edir. İddiaların Tomas Marklın hər hansı cinayət törətdiyini sübut etmədiyi vurğulanır.

