Britaniya kral ailəsi Meqan Marklın yeni biznes təşəbbüsündən narazıdır. Bu barədə Page Six nəşri məlumat yayıb.
Məlumata görə, Meqan Markl uşaqları — Şahzadə Arçi və Şahzadə Lilibetin doğum günlərinin adını daşıyan şamlar satışa çıxarıb. Brendin saytında iki məhsul təqdim olunur: “506 — Şahzadə Arçi Sassekskinin doğum günü” və “604 — Şahzadə Lilibet Sassekskinin doğum günü”. Birincisi zəncəfil, neroli və kaşmir notları ilə isti ətir, ikincisi isə səndəl ağacı və su zanbağı notları ilə yüngül çiçək qoxusu kimi təsvir edilir.
Mənbələrin sözlərinə görə, kral ailəsi bu addımı “titullardan istifadə” kimi qiymətləndirir və bundan narazıdır.
Nəşrin insayderi bildirir ki, xüsusilə uşaqların kral titullarının kommersiya məqsədilə istifadəsi narazılıq yaradıb.
Aprelin 10-da Meqan Markl və Şahzadə Harri Kaliforniyada keçirilən “Beef Season Two Tastemaker” tədbirində iştirak ediblər. Cütlük tədbirdə Netflix rəhbəri Ted Sarandos və həyat yoldaşı Nikol Avant ilə birlikdə görüntülənib.
Bundan əvvəl isə məlum olub ki, cütlük Nyu-Yorkda keçirilən Met Gala tədbirinə dəvət almayıb. The News International nəşrinin məlumatına görə, tədbirin təşkilatçısı Anna Vintur onları görmək istəmir və səbəb kimi “həmişə yalnız özlərini düşünmələri” göstərilir.

