Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Təfəkkür Liseyinin Biologiya müəllimi İsmayılova Nuranə Sərvər qızının pedaqoji fəaliyyəti uğurlu nəticələrlə yadda qalır.
2017-ci ildə Müəllimlərin İşə Qəbulu imtahanında 56 bal toplayaraq liseydə işə başlayan Nuranə İsmayılova 2024-cü ildə keçirilən müəllimlərin sertifikasiya imtahanında da 59 bal toplayaraq öz peşəkarlığını bir daha sübut edib.
2024–2025-ci tədris ili müəllimin və məktəbin tarixində əlamətdar olub. Belə ki, Nuranə müəllimin hazırladığı şagirdlər Respublika səviyyəsində keçirilən fənn müsabiqələrində yüksək nəticələr əldə ediblər:
Təfəkkür Liseyinin 11T sinif şagirdi Əmrahov Uğur Biologiya fənni üzrə Respublika Fənn Olimpiadasında bürünc medal,
6D sinif şagirdi Qafarlı Nurgül isə Təbiət fənni üzrə Respublika Fənn Müsabiqəsində gümüş medal qazanıb.
Qazanılan bu uğurlar bir daha göstərir ki, şagirdlərin akademik nailiyyətlərində müəllimlərin rolu və peşəkarlığı həlledici əhəmiyyət daşıyır.
Fərhad Ələkbərli