Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Texniki Təbiət Elmləri Liseyinin 9-cu sinif şagirdləri bu il keçirilən buraxılış imtahanında yüksək nəticələrlə yadda qalıblar.
Den.az xəbər verir ki, bu uğurlar arasında şəhid övladlarının qazandığı nailiyyətlər xüsusi diqqət çəkir və cəmiyyət üçün böyük qürur mənbəyidir.
Belə ki, Aytən Yusifzadə – Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş polkovnik Vüqar Yusifovun qızı imtahanda 256 bal toplayaraq yüksək nəticə göstərib. O, həm yaşıdlarına, həm də cəmiyyətə azadlıq və vətən uğrunda canını fəda edən atasının yolunu yalnız hərbi sahədə deyil, təhsil və vətənə xidmət baxımından da davam etdirməyin mümkün olduğunu sübut edib.
Digər nümunəvi nəticə isə 44 günlük Vətən müharibəsində şəhid olmuş baş gizir, hərbi həkim Eldar Abdullayevin övladı Asya Abdullazadəyə aiddir. O, buraxılış imtahanından 225,3 bal toplayaraq həm müəllimlərini, həm də ailəsini sevindirib. Asya da atasının müqəddəs xatirəsini təhsildəki əzmkarlığı ilə yaşatmaqda davam edir.
Texniki Təbiət Elmləri Liseyinin müəllim heyəti və rəhbərliyi bu cür şagirdlərlə fəxr etdiklərini bildiriblər. Onlar qeyd ediblər ki, şəhid övladlarının təhsildə qazandıqları uğurlar həm məktəb üçün, həm də bütövlükdə Azərbaycan cəmiyyəti üçün nümunədir.
Liseyin ümumi imtahan nəticələri də olduqca ümidvericidir. 9-cu sinif şagirdlərinin əksəriyyəti dövlət imtahanında yüksək nəticə göstərib, bu isə təhsil müəssisəsinin akademik səviyyəsinin və fədakar pedaqoji kollektivin peşəkarlığının göstəricisidir.
Bu cür uğurlar bir daha sübut edir ki, şəhidlərimizin ruhu yalnız hərbi sahədə deyil, elmdə, təhsildə və həyatın bütün sahələrində yaşamağa davam edir. Onların övladları isə bu müqəddəs mirası uğurla davam etdirirlər.