Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabelliyində fəaliyyət göstərən Saray qəsəbə 2 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdləri ölkə üzrə ən irimiqyaslı təhsil layihələrindən biri olan STEAM Festivalda yüksək nəticələr göstərərək məktəbin adına böyük uğur yazıblar.
Bu barədə DenMedia.az- a sözü gedən təhsil müəssisəsindən məlumat verilib.
Yarışmada məktəbin komandaları ümumilikdə 2 qızıl, 1 gümüş, 6 bürünc medal qazanmaqla yanaşı, daha 3 komanda “Award” nominasiyası üzrə xüsusi mükafatlara layiq görülüb.
Festival çərçivəsində şagirdlər müxtəlif istiqamətlər üzrə — robototexnika, mühəndislik, proqramlaşdırma, innovativ layihələrin hazırlanması və yaradıcı təqdimatlar — öz bacarıqlarını nümayiş etdiriblər. Yaradıcılıq, texniki düşüncə, problem həlli və komanda işi kimi bacarıqlar üzrə sərgilədikləri yüksək göstəricilər münsiflər heyəti tərəfindən xüsusi qiymətləndirilib.
Məktəb rəhbərliyi və müəllim kollektivi bildirir ki, bu uğur təsadüfi ola bilməz. Çünki şagirdlərin hazırlığında intensiv təlimlər, praktiki məşğələlər və innovativ dərs metodları xüsusi rol oynayıb. Müəllimlərin fədakar əməyi, valideynlərin dəstəyi və şagirdlərin yüksək motivasiyası festival nəticələrinə birbaşa təsir göstərib.
Məktəbin kollektivi bütün qalib şagirdləri və onların nailiyyətlərinə töhfə verən müəllimləri səmimiyyətlə təbrik edərək, gələcək yarışlarda daha böyük uğurlar arzulayır. STEAM sahəsində belə nəticələr məktəbin tədris keyfiyyətinin, inkişaf strategiyasının və yaradıcı təlim mühitinin göstəricisi kimi dəyərləndirilir.
Saray qəsəbə 2 nömrəli məktəbin bu nailiyyəti qəsəbə təhsilinin inkişafına verilən töhfə olmaqla yanaşı, regionda STEAM təhsilinin daha da stimullaşdırılmasına mühüm addım sayılır.







Ellada Rəsul
DenMedia.az

