20 aprel 2025-ci il tarixində ölkə üzrə keçirilən ümumi 9 illik təhsil səviyyəsinə görə buraxılış imtahanları yekunlaşıb.
Den.az xəbər verir ki, Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəblərin şagirdləri bu imtahanda yüksək nəticələr göstərərək rayonun və məktəblərinin nüfuzunu daha da yüksəldiblər.
Bu uğurlu nəticələr sırasında xüsusilə Abşerondan olan bir şagirdin nəticəsi diqqət çəkib.
Saray qəsəbə 1 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Ləman Məsimli imtahanda maksimum 300 bal toplayaraq hər kəsi sevindirib. Ləman öz əzmi, biliyi və çalışqanlığı ilə təkcə ailəsini və məktəbini deyil, bütün Abşeron-Xızı Regional Təhsil İdarəsini də qürurlandırıb.
Sözü gedən təhsil müəssisəsinin rəhbəri Asəf Bayramov Ləmanı və onunla bərabər yüksək bal tolayan şagirdləri təbrik etdi. Bildirdi ki, 9-cu sinif buraxılış imtahanları şagirdlərin əldə etdiyi bilik və bacarıqları qiymətləndirən əsas göstəricilərdən biridir. Bu nəticələr, eyni zamanda şagirdlərin gələcəkdə daha yüksək nailiyyətlərə imza atması üçün möhkəm təməl yaradır. Ləman Məsimli isə göstərdiyi bu nəticə ilə həmyaşıdlarına örnək olub və göstərib ki, qarşıya məqsəd qoyub əzmlə çalışmaqla hər kəs istədiyi nəticəni əldə edə bilər.
Məktəbin müəllimləri də Ləmanın uğurunda əvəzsiz rol oynayıblar. Onun dərs prosesində fəallığı, suallara həmişə düzgün yanaşması və əlavə biliklər əldə etmək üçün daim çalışması müəllim kollektivinin də diqqətini cəlb edib. Məktəbin rəhbərliyi və müəllim heyəti Ləmanın uğurunu xüsusi qeyd edərək ona gələcək təhsil pillələrində də uğurlar arzulayıb.
Ləmanın atası DenazTv-yə müsahibəsində bildirdi ki, bölgə üzrə təhsildə belə uğurların əldə olunması Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan bütün məktəb müəllimlərin və təhsil işçilərinin zəhmətinin bəhrəsidir. Ləman kimi nümunəvi şagirdlər bölgənin təhsil potensialını daha da möhkəmləndirir və digər şagirdlər üçün motivasiya mənbəyidir.
Biz də öz növbəmizdə Ləman Məsimlini təbrik edir, ona gələcək həyatında və təhsil yolunda yeni-yeni uğurlar arzulayırıq. Onun kimi şagirdlərin uğurları Azərbaycan təhsilinin parlaq gələcəyinin əyani sübutudur!