Ermənistanın Baş naziri Nikol Paşinyan, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Teodoros Rusopulosun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərək, regiondakı son inkişaflar və sülh məsələlərini müzakirə edib.
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri Xəyal Bəşirov Den.az-a şərh edərək bildirib ki, bu görüş, Ermənistanın beynəlxalq arenada sülh tərəfdarı olaraq öz mövqeyini bir daha təsdiqləməsi baxımından əhəmiyyətlidir.
Paşinyan, Ermənistanın Azərbaycanla razılaşdırılmış sülh sazişini imzalamağa hazır olduğunu və ölkəsinin sülh gündəminə sadiq qaldığını vurğulayıb. Bu bəyanat, iki ölkə arasında uzun müddətdir davam edən gərginliklərin azalması üçün ümid verici bir addım kimi dəyərləndirilə bilər. Sülh sazişinin imzalanması, Cənubi Qafqazda uzunmüddətli sabitliyin və inkişafın təmin olunmasında mühüm rol oynayacaqdır.
Görüşdə həmçinin, regional sabitlik və sülh naminə dialoqun və çoxtərəfli əməkdaşlığın dərinləşdirilməsinin vacibliyi xüsusi olaraq qeyd olunub. Bu, tərəflərin bir-birinə etimad göstərməsi və regional məsələlərdə birgə hərəkət etməsi üçün zəruri bir addımdır. Beynəlxalq təşkilatların vasitəçiliyi ilə aparılan bu cür dialoqlar, regionda davamlı sülhün qurulması üçün əhəmiyyətli ola bilər.
Bu görüş, həm Ermənistanın daxili siyasətində, həm də beynəlxalq münasibətlərində mühüm əhəmiyyət kəsb edir. Sülh sazişi, Ermənistan və Azərbaycanın iqtisadi və sosial inkişafına töhfə verə bilər, həmçinin regionda yaşayan əhali üçün daha sabit və təhlükəsiz bir mühit yaradılmasına imkan tanıya bilər.
Ellada Rəsul
Den.az