ATƏT-in baş katibi Firudin Sinirlioğlunun İrəvan ziyarəti, Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsində mühüm bir addım kimi qiymətləndirilə bilər. Sinirlioğlu, Ermənistanın baş naziri Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanla mühüm görüşlər keçirərək, Ermənistanın ATƏT-lə əməkdaşlığı və Azərbaycanla aparılan danışıqların hazırki vəziyyətini müzakirə etdi.
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri Xəyal Bəşirov Den.az-a açıqlamasında bildirib ki, bu görüş, iki ay əvvəl Münhen Təhlükəsizlik Konfransında başlayan dialoqun davamı kimi də dəyərləndirilə bilər. Münhen görüşü zamanı tərəflər arasında müəyyən qarşılıqlı anlaşmanın formalaşdığı və indiki görüşün bu əlaqələrin inkişafı baxımından əhəmiyyətli olduğu düşünülür.
Sinirlioğlunun İrəvanda etdiyi bu görüşlər, ATƏT-in Cənubi Qafqazdakı rolunun gücləndirilməsi və Ermənistan ilə Azərbaycan arasında davam edən münaqişənin sülh yolu ilə həlli üçün yeni imkanlar açılması istiqamətində bir təkan kimi görünür. Ermənistan və Azərbaycanın ATƏT çərçivəsində əməkdaşlıq etməsi, regionda uzunmüddətli sülhün təmin olunması üçün vacibdir.
Bu səbəbdən də, Sinirlioğlunun İrəvan səfəri regional sülh və əməkdaşlıq üçün mühüm bir addım kimi dəyərləndirilməlidir. ATƏT-in vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında davam edən danışıqların müsbət nəticələr verməsi ümid edilir.
Ellada Rəsul
Den.az