İran prezidenti Məsud Pezeşkian etirazlar səbəbindən 11 gün ərzində tətbiq olunan internet məhdudiyyətlərinin aradan qaldırılmasına çağırıb. Bu barədə EFE agentliyi məlumat yayıb.
Pezeşkian bildirib ki, ölkədə onlayn ticarətin təmin olunması və rabitə sahəsində məhdudiyyətlərin azaldılması zəruridir.
“Onlayn ticarətin təmin edilməsinə və rabitə sahəsində məhdudiyyətlərin azaldılmasına ehtiyac var. Mən Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricanidən məhdudiyyətlərin mümkün qədər tez aradan qaldırılmasını tövsiyə etdim”, — deyə Pezeşkian bildirib.
Bundan əlavə, İran prezidenti ölkədə ötən ilin sonundan başlayan etiraz aksiyaları zamanı saxlanılan şəxslərin işlərinə xüsusi diqqət və ədalətlə baxılmasını tələb edib.
“Son hadisələrlə əlaqədar saxlanılan şəxslərin işlərinə baxılarkən ilk növbədə maksimum diqqət və ədalət təmin edilməlidir”, — deyə o vurğulayıb.
Qeyd edək ki, İranda internet əlaqəsi faktiki olaraq 8 yanvardan etibarən iflic vəziyyətinə düşmüşdü. Həmin dövrdə ölkədə iqtisadi vəziyyətlə bağlı kütləvi etirazlar baş vermişdi. Etirazlar 28 dekabrda milli valyutanın kəskin ucuzlaşmasından sonra başlayıb. Baş verən iğtişaşlar nəticəsində İranın müxtəlif şəhərlərində minlərlə insan həlak olub.

