Papa XIV Leo-nun müharibə əleyhinə son açıqlamaları beynəlxalq siyasətdə rezonans doğurarkən, İrandan diqqətçəkən dəstək gəlib.
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Papa’nın çıxışlarını yüksək qiymətləndirərək ona dəstək verdiyini bildirib.
Qalibaf sosial şəbəkə hesabında paylaşım edərək Papa’nın “Tramp administrasiyasından qorxmuram” sözlərinə istinad edib və bu mövqenin güclü mesaj daşıdığını vurğulayıb.
“Bu, milyonlarla insana ilham verən bir mövqedir”
Qalibaf qeyd edib ki, Papa’nın müharibə əleyhinə çıxışları yalnız siyasi bəyanat deyil, həm də vicdani mövqedir. O bildirib ki, “qorxmuram” mesajı günahsız insanların öldürülməsinə qarşı çıxan hər kəs üçün yol göstərir.
O, həmçinin Papa’nın liderliyinin milyonlarla insana ilham verdiyini deyərək təşəkkürünü ifadə edib.
Bu açıqlamalar fonunda Papa ilə ABŞ prezidenti Donald Tramp arasında gərginlik də artıb. Tramp Papa’nı xarici siyasət və nüvə məsələləri ilə bağlı sərt tənqid edib.
Papa XIV Leo isə cavabında özünü siyasi fiqur hesab etmədiyini, lakin müharibəyə qarşı danışmağa davam edəcəyini bildirib. O, həmçinin Tramp administrasiyasından qorxmadığını bir daha vurğulasa da, birbaşa qarşıdurmaya girmək istəmədiyini qeyd edib.

