Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə BMT-nin Məskunlaşma Proqramı, yəni UN-Habitat, gələcəkdə Ümumdünya Şəhər Forumunun sessiyalarının WUF13-ün Bakı standartları əsasında keçirilməsi üçün əməliyyat təlimatının birgə hazırlanmasına dair Niyyət məktubu imzalayıb.
Sənəd Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Anaklaudiya Rossbax ilə görüşünün yekunları üzrə imzalanıb.
Niyyət məktubunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və UN-Habitatın icraçı direktoru Anaklaudiya Rossbax imzalayıblar.
Sənəd gələcəkdə WUF sessiyalarına ev sahibliyi edəcək tərəflərə qərarların qəbulu prosesində dəstək göstərilməsini nəzərdə tutur. Həmçinin məqsəd Bakıda WUF13-ə uğurlu hazırlıq mərhələsi əsasında növbəti tədbirlərin operativ effektivliyini artırmaqdır.
Qeyd edək ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək.

