Bu gün Azərbaycanda BMT-nin Ümumdünya Şəhər Forumunun 13-cü sessiyası — WUF13 başlayır. Beynəlxalq forum Azərbaycan hökumətinin dəstəyi və BMT-nin Məskunlaşma Proqramı — UN-Habitat ilə əməkdaşlıq çərçivəsində keçirilir.
Tədbir Bakı Olimpiya Stadionunda baş tutacaq və mayın 22-dək davam edəcək.
WUF13 dünyanın diqqətini yenidən Azərbaycana yönəldən əsas beynəlxalq platformalardan biri olacaq. Forumda iştirak üçün 182 ölkədən 40 mindən çox insan qeydiyyatdan keçib. Bu, forum tarixində rekord göstəricidir və tədbirə yüksək beynəlxalq marağı, eləcə də Azərbaycanın artan nüfuzunu əks etdirir.
Müzakirələrin mərkəzində dayanıqlı şəhərsalma, iqlim dəyişikliyi, rəqəmsal transformasiya, əlçatan mənzil və “yaşıl şəhərlər”in inkişafı kimi məsələlər dayanacaq. Forum hökumət nümayəndələrini, beynəlxalq təşkilatları, ekspertləri, investorları və vətəndaş cəmiyyətini bir araya gətirəcək.
Tədbirdə Qarabağ və Şərqi Zəngəzurun bərpası layihələrinə xüsusi diqqət ayrılacaq. Azərbaycan “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyalarını, həmçinin “yaşıl enerji zonası” yaradılması təşəbbüslərini dayanıqlı inkişafın müasir modeli kimi təqdim edəcək.
WUF13 Azərbaycanın iri beynəlxalq tədbirlərin təşkilindəki təcrübəsini də bir daha nümayiş etdirəcək və ölkənin beynəlxalq imicini gücləndirəcək. Forum tarixində ilk dəfə proqramda Liderlər Sammiti yer alacaq ki, bu da tədbirə əlavə siyasi və strateji əhəmiyyət qazandırır.

