ABŞ Nümayəndələr Palatası Donald Trampın İrana qarşı hərbi əməliyyatlarını məhdudlaşdırmağı hədəfləyən qanun layihəsini təsdiqləyib.
Layihədə Tramp administrasiyasından ABŞ hərbçilərini münaqişə bölgəsindən çıxarması və ya əməliyyatların davamı üçün Konqresdən səlahiyyət alması tələb olunur.
Çərşənbə günü keçirilən səsvermədə layihə 208 əleyhinə, 215 lehinə səslə qəbul edilərək Senata göndərilib.
Səsvermədə 4 respublikaçı konqresmenin demokratlarla birlikdə hərəkət etməsi diqqət çəkib. Bu nəticə dördüncü ayına daxil olan müharibə səbəbindən Respublikaçılar Partiyası daxilində də narazılığın artması kimi qiymətləndirilib.
Bildirilir ki, respublikaçı liderlər daha əvvəl kifayət qədər dəstək tapa bilmədikləri üçün səsverməni iki həftə təxirə salmışdılar. Lakin qarşıdurmaların uzanması və Tramp administrasiyasının irəliləyiş əldə edə bilməməsi səbəbindən bu dəfə layihənin qarşısını ala bilməyiblər.
Layihə demokratların Müharibə Səlahiyyətləri Qanununu işə salmasından sonra gündəmə gəlib. Bununla belə, Konqresin prezidenti hərbçiləri geri çəkməyə məcbur edib-etməyəcəyi ABŞ hüququnda hələ də mübahisəli məsələ olaraq qalır.
Tramp və yaxın çevrəsi isə Konqresin müharibə səlahiyyətlərini məhdudlaşdırmaq cəhdlərini Konstitusiyaya zidd hesab etdiklərini bildirirlər.
Səsvermə yaxınlaşan ara seçkilər öncəsi Tramp ilə bəzi respublikaçılar arasındakı fikir ayrılıqlarını da üzə çıxarıb.
Son dövrdə Senatdakı respublikaçılar Trampın bəzi tələblərinə qarşı çıxaraq onu geri addım atmağa məcbur etmişdilər. Prezidentin tələb etdiyi 1 milyard dollarlıq təhlükəsizlik fondu və Ədliyyə Nazirliyinin planlaşdırdığı bəzi federal xərcləmə layihələri də bloklanmışdı.
Nümayəndələr Palatasındakı son səsvermə və ötən ay Senatda edilən oxşar təşəbbüslər İranla davam edən qarşıdurmalara narazılığın yalnız demokratlarla məhdudlaşmadığını göstərib.
ABŞ ictimaiyyətində də müharibənin maliyyə yükü ilə bağlı tənqidlərin artdığı və qarşıdurmaların davamına dəstəyin zəiflədiyi bildirilir.

