Axios nəşrinin mənbələrinə istinadən yaydığı məlumata görə, ABŞ Prezidenti Donald Tramp yaxın həftələrdə İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlamağa yaxın ola bilər.
Nəşrin həmsöhbətləri hərbi addım ehtimalını 90% səviyyəsində qiymətləndirirlər. Prezidentin müşavirlərindən biri bildirib ki, Tramp səbrini itirməyə başlayır və ətrafındakı bəzi şəxslər onu müharibədən çəkindirməyə çalışsa da, qarşıdakı həftələrdə hərbi ssenari real görünür.
Respublikaçı senator Lindsi Qrem də zərbələrin bir neçə həftə ərzində başlaya biləcəyini açıqlayıb. Digər mənbələr isə daha qısa müddət ehtimalını istisna etmirlər.
İki israilli rəsminin sözlərinə görə, İsrail hökuməti mümkün müharibə ssenarisi üçün hazırlıq görür. Bildirilir ki, bu dəfə ABŞ təkcə məhdud zərbələrlə kifayətlənməyə bilər və İsraillə birlikdə bir neçə həftə davam edə biləcək hərbi kampaniya başlada bilər.

