ABŞ Prezidenti Donald Trampın administrasiyası Konqresin Nümayəndələr Palatasının üzvü İlhan Ömərin vətəndaşlığını ləğv etmək və onu ölkədən deportasiya etmək imkanlarını araşdırır.
Bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti adı açıqlanmayan amerikalı rəsmilərə və araşdırmadan məlumatlı mənbələrə istinadən xəbər yayıb.
Məlumata görə, noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilər ərəfəsində aparılan istintaq qismən İlhan Ömərin ABŞ vətəndaşlığını əldə etməsi prosesinə yönəlib.
Araşdırma çərçivəsində onun 2020-ci ildə vəfat edən atası Nur Ömər Məhəmmədin ailəsini ABŞ-yə gətirməsi ilə bağlı sənədlər, eləcə də miqrasiya prosedurları yoxlanılır.
Mənbələr iddia edirlər ki, Tramp administrasiyası bu araşdırma vasitəsilə İlhan Ömərin vətəndaşlığının ləğvi və ölkədən deportasiyası üçün hüquqi əsaslar tapmağa çalışır.
Oktyabrın 12-də ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin əməkdaşları konqresmenin Vaşinqtondakı evində axtarış aparıblar.
Axtarış zamanı İlhan Ömərin mobil telefonu, şəxsi kompüterləri, qeyd dəftərləri və pasportu müsadirə edilib.
Bundan əlavə, Minnesota ştatında federal böyük andlılar məhkəməsi qarşısında ifadə vermələri üçün aralarında konqresmenin bəzi qohumlarının da olduğu 12-dən çox şəxsə çağırış vərəqəsi göndərilib.
İlhan Ömərin ofisi axtarışları “hakimiyyətdən sui-istifadə” kimi qiymətləndirərək istintaqın siyasi motivli olduğunu bildirib.
Amerika-İslam Münasibətləri Şurası (CAIR) da konqresmenin evində aparılan axtarışları pisləyərək bunu siyasi təqib adlandırıb.
Qeyd edək ki, Somali əsilli 44 yaşlı İlhan Ömər 2018-ci ildə Minnesota ştatından ABŞ Konqresinin Nümayəndələr Palatasına seçilib. O, Demokratlar Partiyasını təmsil edir və Donald Trampın siyasətini sərt tənqid edən siyasətçilərdən biridir.
ABŞ vitse-prezidenti Cey Di Vens may ayında Ömərin miqrasiya sənədlərində mümkün saxtakarlıqla bağlı araşdırılacağını bildirmişdi. Konqresmen isə bu ittihamları rədd etmişdi.

