BŞ-ın daxili təhlükəsizlik naziri Markueyn Mallin demokrat konqresmen İlhan Omar haqqında illərdir müzakirə olunan iddialarla bağlı federal araşdırmanın davam etdiyini bildirib.
Haberler.com-un məlumatına görə, Mallin mühafizəkar şərhçi Benni Consona müsahibəsində araşdırmanın davam etdiyini deyib və “Bu, davam edən istintaqdır” ifadəsini işlədib.
Nazirin sözlərinə görə, federal qurumlar İlhan Omarın 2009-cu ildə Əhməd Nur Səid Elmi ilə bağladığı nikahla bağlı iddiaları araşdırırlar. İllərdir ABŞ-da yayılan iddiaya əsasən, Omar Elmi ilə onun ABŞ-yə gəlməsinə kömək etmək məqsədilə evlənib və həmin şəxsin onun qardaşı olduğu iddia edilir.
İlhan Omar bu iddianı dəfələrlə qəti şəkildə rədd edib. İndiyədək ictimaiyyətə açıqlanan məlumatlarda onların bacı-qardaş olduğunu qəti şəkildə sübut edən dəlil ortaya qoyulmayıb.
Mallin araşdırmanın yalnız nikahla məhdudlaşmadığını bildirib. Onun sözlərinə görə, Omarın ailəsinin ABŞ-yə miqrasiya prosesi və bu zaman mümkün qanun pozuntularının olub-olmaması da araşdırılır.
Nazir bildirib ki, araşdırma nəticəsində federal qanunların pozulduğuna dair sübut aşkarlanarsa, məsələ siyasi deyil, hüquqi müstəvidə qiymətləndiriləcək.
Bununla belə, hazırda İlhan Omara bu iddialarla bağlı açıq şəkildə elan edilmiş hər hansı cinayət ittihamı irəli sürülməyib. Araşdırmanın hansı nəticə ilə yekunlaşacağı hələ məlum deyil.
İlhan Omar Somali əsilli amerikalı siyasətçidir və 2019-cu ildən ABŞ Nümayəndələr Palatasının üzvüdür. O, ABŞ Konqresinə seçilən ilk müsəlman qadınlardan biridir.

