Yəmənin Təiz vilayətində Səudiyyə Ərəbistanının hava zərbələri nəticəsində 8 balıqçının həlak olduğu bildirilir.
Bu barədə SABA agentliyi Yəmənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Bildirilib ki, hava hücumu Babül-Məndəb boğazının Zubab bölgəsində balıqçı qayıqlarına endirilib.
Yəmənin Səhiyyə Nazirliyi Səudiyyə Ərəbistanını beynəlxalq humanitar hüququ pozmaqda ittiham edib.
Qurumun açıqlamasına görə, hava zərbələri mülki şəxslərə və mülki obyektlərə, o cümlədən balıqçılara qarşı yönəlib.
Nazirlik balıqçılığın həmin şəxslərin yeganə dolanışıq mənbəyi olduğunu vurğulayıb.
Bundan başqa, husilərin hərbi sözçüsü Yəhya Səriə Səudiyyə Ərəbistanı aviasiyasının bir sutka ərzində Yəmən ərazisinə azı 93 hava zərbəsi endirdiyini iddia edib.
Hadisə ilə bağlı Səudiyyə Ərəbistanı tərəfinin mövqeyi təqdim olunan məlumatda yer almayıb.

