Səudiyyə Ərəbistanı aviasiyası Yəmənin qərbində, Qırmızı dəniz sahilində yerləşən Hudeydə liman şəhərində telekommunikasiya infrastrukturu obyektlərinə, eləcə də Kamaran adasına bir sıra hava zərbələri endirib.
Bu barədə Yəmənin husilərin “Ənsar Allah” hərəkatının nəzarətində olan SABA informasiya agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, Səudiyyə qırıcıları şəhər ərazisinə beş zərbə endirib. Bundan başqa, Qırmızı dənizdə yerləşən Kamaran adası da hücuma məruz qalıb.
Zərbələr Səudiyyə Ərəbistanı hakimiyyətinin Qırmızı dənizdə krallığa məxsus daha bir tankerə hücum edildiyini açıqlamasından sonra həyata keçirilib.
Səudiyyənin Al Arabiya telekanalının mənbələrinə görə isə, Hudeydə şəhərində silah anbarlarında partlayışlar baş verib.

