ABŞ Prezidenti Donald Tramp “SpaceX” şirkətinin rəhbəri İlon Maskın Ukrayna hərbçiləri üçün “Starlink” peyk internet sisteminin sürətinə qoyulan məhdudiyyəti aradan qaldırdığını təsdiqləyib.
Tramp bunun onun Maskla telefon danışığından sonra baş verib-vermədiyinə isə aydınlıq gətirməyib.
“Bunu şərh etmək istəmirəm. Bilirsiniz, ona mənim, yoxsa başqasının zəng etməsinin heç bir əhəmiyyəti yoxdur. Düşünürəm ki, əsas məsələ onun hər şeyi əvvəlki vəziyyətinə qaytarmasıdır”, – deyə Tramp Vaşinqtonda jurnalistlərə bildirib.
ABŞ Prezidenti İlon Maskla münasibətlərinin çox yaxşı olduğunu da vurğulayıb.
Bundan əvvəl “The Wall Street Journal” (WSJ) qəzeti mənbələrə istinadən Trampın Ukrayna üçün “Starlink” sisteminə tətbiq edilən məhdudiyyətləri aradan qaldırmaq məqsədilə Maska zəng etdiyini yazıb.
Nəşrin məlumatına görə, Mask daha əvvəl Ukraynada sistemin işinin yavaşladılması barədə göstəriş verib.
Mənbələr bildiriblər ki, Trampla Maskın telefon danışığından qısa müddət sonra “Starlink”in fəaliyyəti yaxşılaşıb. Bununla belə, bəzi mənbələr sistemin funksionallığının tam bərpa olunmadığını qeyd ediblər.

