Böyük Britaniya hökuməti vətəndaşlara fövqəladə hallara hazır olmaq və evlərində ən azı üç günlük ərzaq və su ehtiyatı saxlamaq çağırışı edib.
Ölkədə baş verən güclü fırtınalar və infrastrukturda yaranan fasilələrdən sonra hökumət əhali üçün xüsusi hazırlıq təlimatı yayımlayıb.
Təlimatda müharibə, kiberhücumlar, təbii fəlakətlər, elektrik və internet kəsintiləri kimi mümkün təhlükələrə diqqət çəkilib. Məqsəd insanların böhran vəziyyətində ilk 72 saatı öz imkanları hesabına keçirə bilməsidir.
Hökumət hər bir şəxs üçün üç günlük 9 litr içməli su, eləcə də konservləşdirilmiş ət, tərəvəz, quru meyvə və digər uzun müddət saxlanılan ərzaq məhsulları ehtiyatı yaratmağı tövsiyə edib.
Bundan başqa, evlərdə fənər, batareya ilə işləyən radio, portativ enerji yığma cihazı, ədyal, ilkin tibbi yardım çantası, nağd pul və vacib sənədlərin surətlərinin saxlanılması məsləhət görülüb.
Baş nazir Endi Börnhem bildirib ki, məqsəd əhali arasında təşviş yaratmaq deyil, insanları gözlənilməz vəziyyətlərə hazırlamaqdır.
Hökumət vurğulayıb ki, bu çağırış yaxın zamanda müharibə başlayacağı anlamına gəlmir.
Eyni zamanda Britaniyanın ərzaq təchizatı sisteminin kiberhücumlar və iqlim dəyişikliyi ilə bağlı risklərlə üzləşdiyi bildirilir.
Mühafizəkarlar Partiyasının lideri Kemi Badenok isə hökuməti tənqid edərək, yalnız vətəndaşlara ehtiyat toplamağı tövsiyə etməyin kifayət etmədiyini, ölkənin müdafiə və kibertəhlükəsizlik imkanlarının da gücləndirilməli olduğunu bildirib.

